- Wikisun
Ağac bizonu - Amerikan bizonunun şimalda yaşayan alt növü. Ağac bizonu Alyaskanın meşəlik bölgələri, Yukon, Şimali Alberta, Britaniya Kolumbiyası və Saskaçevanın qərbində yaşayırlar. Növün adı "Bizon" sözündən (yunan dilində öküzəbənzər heyvan) götürülmüşdür. Xüsusiyyətləri Ağac bizonu düzənlik bizonundan böyükdür. Dişi və erkəklərin ölçüsü fərqli olsa da, böyük erkəklər 3.35 metr uzunluğa, 1.179 kq çəkiyə və 2.01 metr hündürlüyə çata bilər. Çiyin sümükləri daha öndə yerləşir, böyük və qalın buynuza, qışa uyğun tük örtüyünə sahibdir. Ağac bizonları 2 yaşında cinsi yetkinliyə çatır. Dişi bizonlar 3 yaşında ilk buzovlarını dünyaya gətirir və 1–2 ildən bir təkrar bala verə bilirlər. Cütləşmə mövsümü iyuldan sentyabradək davam edir və əsas fəaliyyəti avqust ayında müşahidə edilir. Buzovlar doğulduğu gündən yırtıcılardan qaçaraq qorunmaq bacarığına sahib olur. Ağac bizonları əsasən otlar, qamışlar və digər bitkilərlə qidalanır. Qışda qida tapmaq çətin olduğundan, onlar qarın altındakı otları tapmaq üçün başlarını və boyun əzələlərini istifadə edərək yer qazırlar. Adaptasiya Ağac bizonlarının cüssəsi, "Bergman" qanunu ilə izah oluna bilər. Böyük bədənləri onlara daha çox istilik istehsal etməyə və qışda yağ ehtiyatları saxlamağa kömək edir. Eyni zamanda onların tük örtüyü o qədər yaxşı izolyatordur ki, qar tük üzərində ərimək əvəzinə toplanır və bu, bizonu soyuqdan daha yaxşı qoruyur. Ağac bizonları qışda metabolizmalarını ləngidə bilər, bu da qidalanmalarını azaldaraq enerji ehtiyaclarını qarşılamağa imkan verir. 1920-ci illərdə düzənlik bizonları ağac bizonlarının yaşayış sahələrinə köçürülmüş və bu, hibridizasiya prosesinə səbəb olmuşdur. Bu tədbir ağac bizonlarının saf nəsillərinin yox olmasına gətirib çıxarıb. Bununla yanaşı, bəzi bölgələrdə (məsələn, "Sweetgrass Station" və "Slave River Lowlands") ağac bizonlarının orijinal fenotiplərinə yaxın sürülər aşkar edilmişdir. Bu gün, ağac bizonlarının təqribən 7000 fərdi mövcuddur.
https://en.wikipedia.org/wiki/Wood_bison
https://www.inaturalist.org/taxa/123787-Bison-bison-athabascae
https://a-z-animals.com/animals/wood-bison/
https://www.adfg.alaska.gov/index.cfm?adfg=woodbison.main
https://www.britannica.com/animal/woodland-bison
https://canadiangeographic.ca/articles/animal-facts-wood-bison/
https://www.canada.ca/en/environment-climate-change/services/species-risk-education-centre/wood-bison.html
https://www.torontozoo.com/animals/Wood%20bison
https://yukon.ca/en/outdoor-recreation-and-wildlife/yukon-wildlife/wood-bison
https://yakutia-daily.ru/dlya-chego-yakutii-lesnye-bizony/
https://cyberleninka.ru/article/n/lesnoy-bizon-v-yakutii
https://www.animalspot.net/wood-bison.html
Tarix : 25 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.