- Wikisun
Aççano — İtaliyanın Abruzzo regionunda, L'Aquila əyalətində yerləşən bələdiyyədir. Orta əsrlərdən qalma kiçik yaşayış məntəqəsi Subequana vadisində yerləşir və Sirentina Dağ İcmmasının tərkibinə daxildir. Kənd İtaliyada yüksək keyfiyyətli Montepulçano qırmızı şərablarının istehsalı ilə tanınır. Tarixi Müqəddəs Pyotr və Pavel kilsəsi Ərazidə böyük bədii və tarixi əhəmiyyətə malik çoxsaylı abidələr mövcuddur. Burada qədim italiyalı-Roma məbədinə aid kvadrat formalı tikilinin qalıqları və onun ətrafında çoxsaylı saxsı parçaları aşkar edilmişdir. Tikili San Lorenso ərazisindəki Santa Mariya delle Qratsie kilsəsi ilə qəbiristanlıq arasında yerləşir. Çieti Arxeoloji İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində qalıqlar Roma Respublikasından, Roma imperiyasının erkən imperiya dövrünə qədər olan mərhələyə aid edilmişdir. Məşhur italyan arxeoloqu Cüzeppe Fiorеlli, San Lorenso kilsəsinin ətrafında qədim məzarlar və bukkerо qablarının parçalarını aşkar etmişdir. Antonio De Nino tərəfindən Vıçenna ərazisində kəfənlərin və qədim qəbiristanlığın yaxınlığında mozaika döşəməsinin izlərini daşıyan mürəkkəb tunel sisteminin aşkar edilməsi Aççano ərazisində qədim yaşayış məntəqəsinin mövcudluğunu təsdiqləyən sübutlardan biridir. Maliyyə çatışmazlığı səbəbindən qazıntı sahəsi daha əlverişli şərait yaranana qədər torpaqla örtülmüşdür. Kənd müxtəlif dövrlərdə İtaliya və İspaniyanın aristokrat ailələrinin, o cümlədən rəqib Pikkolomini və Şialenqi Strossi ailələrinin mülkiyyətində olmuşdur. Divarların, hazırda dağıdılmış qüllələrin və qapıların mövcudluğu Aççanonun Adriatik sahili ilə Roma arasında əlaqə yaradan strateji əhəmiyyətli məntəqə olduğunu göstərir. Bu əhəmiyyət əsrlər boyu qorunmuşdur. Etimologiyası Aççano adı yerli tələffüzdə Hacciànë şəklində işlənir və 1028-ci ildə Accio formasında sabitləşmişdir. Adın Roma zadəganı Acciusun adından yarandığı və "Accio ailəsinin təsərrüfatı" mənasını verdiyi ehtimal olunur. Müasir Aççano əsas yaşayış məntəqəsindən və Beffi, Sukçano, Rokkapreturo və San Lorenso hissələrindən ibarətdir. XV–XVI əsrlərdə aparılmış torpaq və təsərrüfat siyahılarında bu yaşayış məntəqələrinin adları müvafiq olaraq Castrum Acciani, Villa Socciani, Castrum Beffi, Rocca Preturo və Villa de Sancti Laurentii kimi qeyd olunurdu. Yerli toponimlərin öyrənilməsi yaşayış məntəqələrinin tarixi və adlarının mənşəyinin bərpasına imkan verir. Castrum Acciani və Castrum Beffa adlarının ilk hissəsi latınca castrum sözündən yaranmışdır. Bu söz əvvəlcə istehkamlaşdırılmış düşərgə, sonralar isə qala və möhkəmləndirilmiş yaşayış məntəqəsi mənasını daşıyırdı. Villa Socciani və Villa Sancti Laurentii adlarında villa sözü latın dilindən gəlir və əvvəlcə kənd evi, təsərrüfat və kiçik yaşayış məntəqəsi mənasında işlənmişdir. Rocca de Preturo adındakı rocca sözü isə qayalıq və sonralar dağın zirvəsində yerləşən qala və yaşayış məntəqəsi mənasını ifadə etmişdir. Bu söz Abruzzo bölgəsində XII əsrdən etibarən işlənməyə başlamışdır. Coğrafiyası Palıd meşələri ilə əhatə olunan Aççano qayalıq çıxıntı üzərində, Bufame və Fitte dağları arasında yerləşir. Buradan Sirente dağlarının qayalı silsilələrinə mənzərə açılır. Kəndi əhatə edən dik yamaclar Aterno çayının axdığı vadini əhatə edir. Bələdiyyənin ərazisi dəniz səviyyəsindən 450–1.303 metr yüksəklikdə yerləşir. Ən aşağı və ən yüksək nöqtələr arasındakı hündürlük fərqi 853 metrdir. Aççanodan əyalətin inzibati mərkəzi L'Aquilaya Subequana vadisi yolu ilə təxminən 35 km, Sulmonaya isə təxminən 37 km məsafə var. Aççanonun istehkamlaşdırılmış şəhəri Aççanoda orta əsrlərə aid, bəzi hissələri Lombard dövründən qalan istehkamlaşdırılmış evlər mövcuddur. Divarların bir hissəsinin hələ də qorunduğu Aççanonun tarixi mərkəzi istehkamlaşdırılmış yaşayış məntəqəsinin xüsusiyyətlərini daşıyır. Şəhərə giriş üç qapı vasitəsilə mümkün idi: Torrone qapısı, Martino qapısı və Aia qapısı. Ərazinin relyefi yaşayış məntəqəsinin şəhər quruluşuna ciddi təsir göstərmişdir. Şəhər Aterno çayının sol sahilindəki dik yamaclarda yerləşir. Kəndin tarixi XIV əsrdən, istehkam divarlarının quruluşunun formalaşdığı dövrdən başlayır və XVI əsrdə bir sıra tikililərin yenidən qurulması və bərpası ilə davam edir. Abidələri Müqəddəs Pyotr və Lorenso kilsəsi; Müqəddəs Petronilla kilsəsi; Padualı Müqəddəs Antoni kilsəsi; Beffi qülləsi; Rokkapreturo qülləsi; İntibah dövrünə aid fəvvarə. Nəqliyyatı Aççanoda Terni–Sulmona dəmir yolu xətti üzərində dəmir yolu dayanacağı yerləşir. Buradan L'Aquila və Sulmona istiqamətlərində qatarlar hərəkət edir. İstinadlar
https://az.wikipedia.org/wiki/A%C3%A7%C3%A7ano
https://geohack.toolforge.org/geohack.php?language=az&pagename=A%C3%A7%C3%A7ano¶ms=42_10_36.37_N_13_43_4.19_E_scale:100000_type:city
https://maps.google.com/maps?ll=42.1767694,13.7178306&q=42.1767694,13.7178306&spn=0.1,0.1&t=h&hl=az
https://yandex.ru/maps/?ll=13.7178306,42.1767694&pt=13.7178306,42.1767694&spn=0.1,0.1&l=sat,skl
https://www.openstreetmap.org/?mlat=42.1767694&mlon=13.7178306&zoom=12
https://archeoclublaquila.it/itinerari/acciano-beffi-rocca-preturo/
https://www.comune.acciano.aq.it/vivere-il-comune/luoghi/acciano/
Tarix : 8 oktyabr 2026