• Wikisun
Layihə çərçivəsində Wikipedia platformasına əlavə olunan məqalə sayı
1
2
5
5
ryszard-krynicki

Ryszard Krynicki

Ryszard Krynicki ( 28 iyun 1943-cü il) — Polyak şairi və tərcüməçisi, Polyak "Yeni Dalğa" hərəkatının üzvü. O, müharibədən sonrakı dövrün ən görkəmli müasir Polyak şairlərindən biri hesab olunur. 2015-ci ildə Krynicki poeziya sahəsindəki nailiyyətlərinə görə Zbigniew Herbert Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görülmüşdür. Həyatı və yaradıcılığı Ryszard Krynicki 28 iyun 1943-cü ildə Avstriyanın St. Valentin şəhərində anadan olub. İkinci Dünya Müharibəsindən sonra Polşaya köçərək, Gorzow Wielkopolski şəhərindəki Marie Curie adına 2 nömrəli liseyi bitirib. Daha sonra Poznandakı Adam Mickiewicz Universitetində polyak filologiyası üzrə təhsil alıb. Ədəbi debütünü 1964-cü ildə Poznandakı Od nowa ədəbi klubunda etmiş, burada ilk dəfə naməlum adlı bir şeirini oxuyub. Onun ilk çap olunan şeiri Wczasowstapienie 1966-cı ildə Pomorze ədəbi jurnalında yayımlanıb. 1968-ci ildə Ped pogoni, ped ucieczki ("Qovmaq impulsu, qaçmaq impulsu") adlı şeirini yazıb, bu əsər bir il sonra onun ilk şeir kitabı Akt urodzenia ("Doğum şəhadətnaməsi") içində nəşr olunub. O, həmçinin mühacirətdə yayımlanan Wiadomosci ("Xəbərlər") həftəlik qəzetində məqalələr dərc etdirib. 1970–1980-ci illərdə Krynicki, Polşa Xalq Respublikasının kommunist hakimiyyətinə qarşı müxalifət hərəkatında fəal iştirak edib. 1971–1973-cü illərdə Krakovda nəşr olunan Student jurnalının redaksiyasında çalışıb və burada Adam Zagajewski və Stanisław Baranczak kimi Polşanın "Yeni Dalğa" (1968–1976) nəslinin tanınmış nümayəndələri ilə tanış olub. O, Polşa ziyalılarının Konstitusiyada antidemokratik dəyişikliklərə etirazı olan 59-ların məktubu sənədini imzalayanlardan biri olub. Bunun nəticəsi olaraq, 1976–1980-ci illərdə onun əsərləri rəsmi şəkildə qadağan edilib. O, həmçinin İşçilərin Müdafiə Komitəsi (KOR) ilə əməkdaşlıq edib və 1977–1981-ci illərdə Zapis jurnalında məqalələr yayımlayıb. 1980-ci ildə həbs olunan siyasi dissidentlər Dariusz Kobzdej və Miroslaw Chojecki ilə həmrəylik nümayiş etdirmək üçün Podkowa Lesna şəhərindəki Müqəddəs Kristofer kilsəsində aclıq aksiyasına qoşulub. Müxalif mətbu orqanlarda, o cümlədən Solidarnosci Wielkopolski ("Böyük Polşa Həmrəyliyi"), Obserwator Wielkopolski ("Böyük Polşa Müşahidəçisi") və Bez Debitu ("Debitsiz") qəzetlərində məqalələr və şeirlər nəşr etdirib. Onun əsərləri Zeszyty Literackie ("Ədəbi Dəftərlər") jurnalında da çap edilib. 2015-ci ildə Polşa Elmlər Akademiyasının üzvü seçilib. Mövzular Krynickinin erkən şeirləri müxtəlif poetik üsullarla zəngindir və qarışıq, kabusvari təsvirlərlə reallığı xaos, boşluq və heçlik kimi təqdim edir. Onun bu dövrdəki əsərlərinə xas olan basqı və düşmənçilik hissləri siyasi, etik və metafizik aspektlərdə şərh edilə bilər. Şair həmin dövrdə poeziyaya yanaşmasını "totalitar ideologiyanın dil vasitəsilə yaydığı yalanları ifşa etmək üçün dilə yönəlmək" kimi xarakterizə edirdi. Onun məqsədi kommunist rejiminin yaratdığı yalançı ritorikadan qaçmaq idi. Sonrakı əsərlərində isə barokko üslubunun mürəkkəb şeirlərindən uzaqlaşaraq, qısa, sadə, miniatür şeirlərə keçid edir. Bu üslub dəyişimi "daxili özünü kamilləşdirmə zərurəti, dünyanı yalandan təmizləmə və heçlik anlayışına təslim olmamaq" prinsipindən qaynaqlanır. Onun sonrakı şeirlərinin məqsədi oxucunu dünyanı düşünməyə sövq etmək və empatiya hissini gücləndirmək idi.


İstinadlar

Tarix : 13 mart 2025


Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.