- Wikisun
Qırmızı Admiral Kəpənəyi - Orta ölçülü, qara qanadları, qırmızı zolaqları və ağ ləkələri ilə seçilən kəpənək növü. Təxminən 5 sm qanad genişliyinə malikdir və ilk dəfə 1758-ci ildə Karl Linnes tərəfindən "Systema Naturae" əsərində təsvir edilmişdir. Qırmızı admiral kəpənəyinə Şimali Afrika, Amerika, Avropa, Asiya və Karib dənizi bölgələrində rast gəlinir. İsti bölgələrdə yaşamağı sevsə də, yazda şimala miqrasiya edir və payızda geri qayıdır. Ən çox rütubətli meşələrdə tapılır, və əsasən yandırıcı yarpız (Urtica dioica) bitkisi üzərində yaşayır. Bəzi hallarda saxta yarpız (Boehmeria cylindrica) üzərində də rast gəlinir. Qırmızı admirallar yalnız öz ərazilərini qoruyan erkəklərlə cütləşirlər. Yüksək uçuş bacarığına malik olan erkəklər daha çox dişi cəlb edirlər. Bu kəpənəklər qeyri-adi dərəcədə sakitdir və çox yaxın məsafədən müşahidə edilməyə icazə verir. İnsanlar üzərində qonub dayanmaq onlar üçün adi prosesdir. Xüsusiyyətləri Qırmızı admiralın qanadlarında qara fon üzərində qırmızı zolaqlar və ağ ləkələr vardır. Qanadlarının arxasının çox hissəsi qırmızı rəngdədir. İfrazat orqanın ətrafında uzanan mavi bir ləkə vardır. Qanadların alt tərəfində qırmızı rənglə yanaşı, mavi rəngə də rast gəlinir. Maraqlıdır ki, qanadlarının həm üst, həm də alt tərəfində müxtəlif naxışlar var. Qırmızı admiralların larvaları təxminən 2,5 sm uzunluğunda olur və rəngləri dəyişkəndir, lakin adətən qara, ağ ləkələr və tikanlarla örtülüdür. Bu tikanlar "pupal" mərhələyə qədər müşahidə edilir. Müxtəlif sabit temperaturda aparılan laboratoriya təcrübələrində "pupal dövrü"ndə də rəngində fərqlər müşahidə olunmuşdur. Daha yüksək temperaturda (təxminən 32 dərəcə) pupal dövrü 6 gün olur, 11-18 dərəcə (51-64 °F) arasında bu dövr 18-50 günə qədər uzanır. Daha aşağı temperaturda (7 dərəcə ) "pupal" dövrü 47-82 gün arasında dəyişir. "Pupa" yüksək temperaturlarda parlaq qırmızı olur, aşağı temperaturlarda isə adətətn qara görünür. Qırmızı admirallar 440-590 nm arasında olan rəngləri görmək qabiliyyətinə malikdirlər, bu da onların mavi, yaşıl və sarı rəngləri çox gözəl gördükləri anlamına gəlir. Onların insanın gözü strukturasına bənzər şəffaf kristal quruluşlu olan gözləri var. Bəzi digər kəpənəklərdə olan xüsusi lateral filtrləmə piqmentləri bu növdə mövcud deyil, buna görə də qırmızı admiral qırmızı və narıncı rəngləri ayıra bilmir. Şimali Avropada qırmızı admiral qışın gəlməsindən əvvəl ən son görünən kəpənəklərdən biridir. Günəşli günlərdə çiçəklərdən qidalanır və hibernasiya etmək qabiliyyətinə malikdir. Yeni dünyaya gələn fərdlər, nisbətən böyük balalardan daha tünd rəngdə görünürlər. Onlar Texasın cənubunda qışlayırlar. Erkək qırmızı admirallar ərazilərini paylaşmağı sevmir, adətən günün sonuna qədər öz ərazilərində olurlar. Ərazilərin ölçüsü, digər erkəklərin müdaxiləsi ilə tez-tez pozulur. Erkəklər gün ərzində 7-30 dəfə uçaraq ərazilərinə nəzarət edirlər. Müdaxilə edənlər çox olduğundan, gün ərzində azı 5 dəfə münaqişə yaşayırlar. Cütləşmə Cütləşmə, erkəklərin dişiləri bir neçə saat ərzində cəlb etməsindən sonra baş verir. Yalnız özünə məxsus əraziləri olan erkəklər cütləşmə imkanı əldə edirlər. Çünki dişilər balaları üçün yaşayış yerinin mövcud olmağını istəyir. Yüksək uçuş bacarığına malik olan erkəklər öz ərazilərini qorumaqda və dişiləri cəlb etməkdə daha çox uğurlu olurlar. Mədəniyyətdə Qırmızı admiral Vladimir Nabokovun bir neçə əsərində yer almışdır. Məsələn: "Speak", "Memory"(1951), "Pale Fire" (1962) və "King, Queen, Knave" (1968).
https://en.wikipedia.org/wiki/Vanessa_atalanta
https://a-z-animals.com/animals/admiral-butterfly/
https://animalia.bio/vanessa-atalanta
https://www.inaturalist.org/taxa/49133-Vanessa-atalanta
https://wildsideholidays.co.uk/red-admiral-vanessa-atalanta-vanesa/
https://butterfliesofcrete.com/family-nymphalidae/vanessa-atalanta/
http://www.raisingbutterflies.org/vanessa-atalanta-rubria/
Tarix : 21 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.