- Wikisun
Günəş balığı və ya ay balığı (Sunfish) - Yastı bədən quruluşlu və yuvarlaq gövdəli okean sularının qəribə görünüşlü div balığı. Növləri Molidae ailəsindən olan ay balığının üç növü var: okean aybalığı, pərvanəbalığı və Mola Mola. Ən tanınmış növü Mola Moladır. Dadı və pis qoxusu səbəbindən ticarət dəyəri yoxdur. Xüsusiyyətləri Günəş balığının dərisi 15 sm qalınlığındadır. Bütün orqanizmlər arasında ən qalın dərisi olan canlılardan ilk sıralardadır. Bu qalın dərisinin üzərində 50 civarında müxtəlif parazit növü və müxtəlif mikroorqanizmlər yaşayır. Bu canlılar günəş balığının qaranlıqda parlamasına səbəb ola bilərlər. Günəş balıqları bəzən, hələ bilinməyən səbəblərdən suyun üzərində yan yatırlar. Gecə bu şəkildə su üzündə yan yatarak dərisinin mikroorqanizmlər sayəsində parladığı anlarda ay işığının su üzərindəki kölgəsini andırırlar. Quyruğu və döş üzgəcləri sinəsinə müqayisədə çox balaca olduğundan, suda tarazlığını güclə saxlayır. Buna görə də, ağzından su püskürərək yavaş-yavaş üzürlər. Hərdən də suyun üzərində günəşlənir kimi uzanaraq dinlənirlər. Əvvəllər açıq dənizlərdə rastlanan aybalıqlarının qəribə görünüşündən, böyüklüyündən və su püskürtməsi nəticəsində çıxardığı xırıltılı səsdən qorxan dənizçilər bu zərərsiz balıqları xəritələrində bir canavar kimi göstərirdilər, amma Günəş balığı çox sakit bir canlıdır, məsələn, özünə yaxınlaşan dalğıclara çox sakit yanaşır. Bədənləri, balon balığında və bəzi digər Tetraodontiformes dəstəsinə aid balıqlarda görülən tetrodotoksin zəhərini istehsal edə bilər. Günəş balıqlarının sayları dənizlərin çirklənməsi ilə bağlı azalmağa davam edir. Ən böyükləri ağzından quyruğuna qədər 3 metr, kürək üzgəcindən anal üzgəcinə qədər 4 metr və 2 ton ağırlığa qədər çata bilər. 25-30 yaşına qədər yaşadıqları təxmin edilir. 2 ton ağırlıqlarını nəzərə alaraq, ümumilikdə 27.000 balıq növünü əhatə edən sümük balıqları sinfinin ən böyük balığı sayılır (çünki uzunluqları 7-8 metrə qədər olan mersin balıqlarının ağırlıqları ən çox 1,5 ton olur). Qaba strukturlu bədəni sanki yarısı itmiş kimi görünür. Qarın üzgəclərinin də çatışmazlığı bu görüntünü daha da maraqlı edir. Hələ körpə olan günəş balıqlarının yaxşı inkişaf etmiş və istifadə edilə bilən bir quyruq üzgəci var, amma balıqlar böyüdükcə quyruq üzgəcləri də genişlənir və nəticədə dalğalı uzun bir pərdə yaradır. Bu üzgəci irəliləmək üçün istifadə edə bilməz, yalnız çox böyük olan kürək və anal üzgəclərinin gücü ilə irəliləyir. Günəş balığı yaxşı bir üzgüçü deyil və hərəkətləri çox kobuddur. Çoxalması Dişi balıqlar 300 milyon yumurta atır. Bunların çoxu digər balıqlar tərəfindən yeyilir. Yumurtadan çıxan balaca balıqlar yalnız 2-3 millimetr böyüklüyündədir və bu şəkildə analarının böyüklüyü ilə müqayisədə heyvanlar aləminin ən kiçik balacalarıdır. Körpə balıqların uzun bir iynəsi var. Qidalanması İsti və ilıq dənizlərin orta dərinliyində yaşayan aybalığı daha çox plankton və xırda dəniz canlıları ilə bəslənir. Bundan başqa dənizanalarını, xırda qabıqlı heyvanları da yeyərlər. Sayları olduqca az olan bu balıqlarının əti yeyilmədiyinə görə ovlanmazlar. Paylanma Xüsusilə isti və mülayim sulara üstünlük verən balığı günəşli yerlərdə görmək olar. Bu balıqlar xüsusilə Asiyanın, Afrikanın və Avstraliyanın isti dənizlərində tapılır və 1000 metr dərinliyə qədər dalış edə bilərlər. Yay vaxtı sıxlıqla Aralıq dənizində də görülə bilər. Türkiyədə Egey və Marmara dənizində nadir hallarda da olsa görülür.
https://en.wikipedia.org/wiki/Mola_(fish)
https://www.wildlifetrusts.org/wildlife-explorer/marine/fish-including-sharks-skates-and-rays/sunfish
https://www.nationalgeographic.com/animals/fish/facts/ocean-sunfish
https://www.nausicaa.fr/en/my-visit/animals/ocean-sunfish
https://www.sciencedirect.com/topics/agricultural-and-biological-sciences/sunfish
Tarix : 11 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.