- Wikisun
Erik Leonard Ekman — İsveçli botanik və kəşfiyyatçı. O, Karib dənizi florasına dair biliklərə ən böyük töhfə vermiş alimlərdən biri kimi tanınır və 2000-dən çox yeni bitki növünü elmi ictimaiyyətə təqdim etmişdir. Həyatı Erik Leonard Ekman 1883-cü il oktyabrın 14-də Stokholmda, azgəlirli beşuşaqlı ailədə anadan olmuşdur. İqtisadi çətinliklər səbəbindən ailəsi o 11 yaşında olarkən İsveçin mərkəzi bölgəsindəki Yönköpinq şəhərinə köçmüşdür. Burada məktəbdə oxuyarkən bitki toplamağa olan marağı formalaşmışdır. 1907-ci ildə Lund Universitetində bakalavr dərəcəsi almış və İsveç gəmiçilik şirkəti ilə Argentinaya pulsuz səyahət imkanı qazanmışdır. O, Misiones bölgəsində üç ay ərzində bitki nümunələri toplamış və yerli İsveç koloniyasından böyük dəstək görmüşdür. Bu təcrübədən sonra ona Stokholmdaki İsveç Təbiət Tarixi Muzeyində Reqnel amanuensis vəzifəsi təklif olunmuşdur ki, bu vəzifəni o, 1908-ci ildə qəbul edərək işə başlamışdır. Ekman 1914-cü ildə Lund Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin il o, Cənubi Amerikaya üçüncü Reqnel ekspedisiyasında iştirak etməli idi. Onun əsas məqsədi Braziliya olsa da, Berlinli professor İqnatius Urban və Stokholmlu professor K. Lindmanın təkifi ilə Kuba (bir ay) və Hispaniola (səkkiz ay) adalarında qısa dayanacaqlar edərək Urbanın “Symbolae Antillanae” botanika layihəsi üçün nümunələr toplamağa razılaşmışdır. Lakin Birinci Dünya Müharibəsinin başlaması, Haitidəki siyasi qeyri-sabitlik və Kubada vəba epidemiyası səbəbindən Braziliyaya səyahəti iki il gecikmişdir. Ekman 1914-cü ildə Havanaya çatmış və 1917-ci ildə Haitiyə qısa səfərdən başqa, yedi il Kubada qalmışdır. Stokholmdakı İsveç Kral Elmlər Akademiyası ilə mübahisələrdən sonra 1924-cü ildə Hispaniola adasına qayıtmış və burada yedi il ərzində yüzlərlə yeni növ kəşf etmişdir. O, 1931-ci il yanvarın 15-də Dominikan Respublikasının Santyaqo de los Kabaleros şəhərində, 47 yaşında, malyariya, qara su qızdırması və pnevmoniyadan vəfat etmişdir. Elmi töhfələri Erik Ekman Karib dənizi florasına dair biliklərə misilsiz töhfələr vermişdir. O, təxminən 36.000 bitki nümunəsi toplamış, bunların təkrarları ilə birlikdə 150.000-dən çox nümunə əldə etmişdir. Bu nümunələrdən 2000-dən çoxu elm üçün yeni növlər olmuşdur ki, bu, Karib florası haqqında əvvəllər kifayət qədər məlumatlı olduğu düşünülsə də, diqqətəlayiq bir nailiyyətdir. Onun topladığı Haiti növləri əsasən İqnatius Urban tərəfindən təsvir edilmişdir. Ekman 1920-ci illərdə Selle və Hotte dağ massivlərinin florasını ətraflı şəkildə sənədləşdirmişdir. Ekman həmçinin coğrafi kəşflərə imza atmışdır. O, Haitinin bir neçə dağını xəritələşdirmiş və Karib dənizinin ən yüksək dağı olan Piko Duartenin (Dominikan Respublikası) hündürlüyünü dəqiq ölçən ilk alimlərdən biri olmuşdur. Bundan əlavə, quşlar, məməlilər və sürünənlər də toplamış, bir neçə növ onun adını daşıyır, məsələn, Hispaniola gecə quşu (Antrostomus ekmani). Şəxsi həyatı və mirası Erik Ekman heç vaxt evlənməmiş və övladı olmamışdır. O, həyatını tamamilə elmə həsr etmiş, çətin şəraitdə, tez-tez açıq havada yataraq və minimal qidalanaraq çalışmışdır. Onun inadkar və müstəqil xarakteri elmi işlərində də özünü göstərmişdir. Ekman Santyaqo de los Kabalerosda dəfn olunmuşdur. 1950-ci ildə Dominikan hökuməti və Amerika Bitki Taksonomları Cəmiyyəti onun şərəfinə burada xatirə lövhəsi qoymuşdur. Onun adı Santyaqo və Santo-Domingo şəhərlərindəki küçələrdə yaşayır. Kubada Botanika Bağında Ekman adına xüsusi bölmə yaradılmışdır. 1991-ci ildə İsveçdə onun şərəfinə Ekman İnstitutu təsis edilmişdir ki, bu fond İsveçlə Karib ölkələri arasında elmi və mədəni əlaqələri gücləndirməyi hədəfləyir. Ekman əsərləri və qeydləri Qərbi Hindistan florasının tədqiqinə bu gün də töhfə verir. Onun kəşfləri və topladığı nümunələr müasir botanika üçün əvəzsiz mənbədir.
https://plants.jstor.org/stable/10.5555/al.ap.person.bm000002358
https://siarchives.si.edu/collections/auth_per_fbr_eacp184
https://playback.fm/person/erik-leonard-ekman
https://kiki.huh.harvard.edu/databases/botanist_search.php?botanistid=49382
https://www.jonkoping.se/fritid-kultur--natur/friluftsliv-natur-och-parker/naturreservat-och-naturminnen/naturreservatet-rocksjon/erik-leonard-ekman---en-jonkopingsbotanist
https://robertissimus.wordpress.com/tag/erik-leonard-ekman/
https://en.wikipedia.org/wiki/Erik_Leonard_Ekman
Tarix : 16 mart 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.