- Wikisun
Demodex (Demodeks) - Dərimizdə yaşayan mikroskopik parazitlər Demodeks insan dərisində yaşayan mikroskopik parazitlərdir. Bu parazitlər, əsasən üz, saç və kirpiklərdə yerləşir. Bu iki hissədən ibarət uzun bədəni, səkkiz ayağı və ağzı olan son dərəcə kiçik, xoşagəlməz bir məxluqdur. İki əsas növü vardır: Demodeks folliculorum və Demodeks brevis. Demodeks parazitləri çox vaxt insan dərisinə zərər verməsə də, bəzi hallarda dəri problemlərinə səbəb ola bilər.İmmunitet sistemi zəiflədikdə və ya dəri xəstəliyi olduqda demodex çoxalmağa başlayır. Çoxaldıqda qaşınma və qıcıqlandırıcı bir xəstəliyə səbəb olurlar . Növləri 1. Demodeks Folliculorum: Əsasən saç follikullarında yaşayır və burada qidalanır. Bu parazitlər üzün müxtəlif bölgələrində, xüsusən də burun ətrafı, alın, çənə və yanaqlarda yerləşir. Demodeks folliculorum həmçinin kirpiklərdə və qaşlarda da tapıla bilər. Saç follikullarında yaşayan bu parazitlər ölü dəri hüceyrələri və yağlar ilə qidalanır. 2. Demodeks Brevis: Sebaceous (yağ) vəzilərində yaşayır. Bu parazit daha dərinin içində yerləşdiyinə görə, onu müəyyən etmək daha çətindir. Demodeks brevis, dəridəki yağ vəziləri içərisində qidalanır və daha çox yağlı dəri tipinə malik insanlarda yayılmışdır. Həyat dövrü 1. Yumurta mərhələsi: Demodeks parazitləri folikul və ya yağ vəzisi içərisində yumurta qoyurlar. Bu yumurtalar mikroskopik ölçüdə olub, insan gözü ilə görünməzdir. 2. Larva mərhələsi: Yumurta mərhələsindən sonra larva mərhələsi başlayır. Bu mərhələdə Demodeks parazitləri hərəkət edə bilmir və hələ yetkin deyillər. 3. Nimf mərhələsi: Nimf mərhələsində Demodeks parazitləri artıq hərəkət etməyə başlayır və dəri səthinə çıxa bilir. Bu mərhələdə parazitlər artıq qidalanır və böyüyürlər. 4. Yetkin mərhələ: Yetkin mərhələdə Demodeks parazitləri çoxalmağa başlayır. Onlar təxminən 2-3 həftə yaşayırlar və bu müddət ərzində çoxalaraq yeni yumurtalar qoyurlar. Demodeks parazitinin törətdiyi dəri xəstəliyi demodikoz adlanır. Demodikozun əlamətləri aşağıdakılardır: 1. Kobud dəri 2. Dərinin qabıqlanması və ya qaşınması 3. Qızartı və ya səpgi 4. İltihab 5. Ekzema 6. Ağ nöqtələrə bənzər papüllər və püstüllər 7. Göz qapaqlarının qıcıqlanması 8. Kipriklərin tökülməsi Demodikoz xəstəliyinə kimlər yoluxa bilər? 1. Kimyaterapiya müalicəsi alanlar 2. İmmunitet sistemində problem olanlar və supressiv dərmanlar qəbul edənlər 3. Rosacea və ya digər dəri xəstəlikləri olanlar 4. HİV və QİÇS xəstələri 5. Kortizon tərkibli kremlərdən uzun müddət istifadə edənlər Demodeksin yaratdığı xəstəliklər 1. Rosacea (Gül Xəstəliyi): Demodeks folliculorum, rosacea xəstəliyi ilə əlaqələndirilir. Rosacea, dəridə qızarıqlıq, iltihab və bəzən sızanaqların meydana gəlməsi ilə xarakterizə olunan xroniki bir dəri xəstəliyidir. Demodeks folliculorum parazitləri saç folikullarında çoxaldıqda, iltihaba səbəb olaraq rosacea simptomlarını ağırlaşdıra bilər. 2. Blefarit: Demodeks folliculorum, göz qapaqlarının kənarında yaşayaraq, blefarit adlı göz qapağı iltihabına səbəb ola bilər. Blefarit zamanı göz qapaqları qızarır, şişir və qaşınır. Bu vəziyyət gözlərdə yanma və qaşınma hissi yarada bilər və bəzən göz yaşarması ilə müşayiət olunur. 3. Seboreik dermatiti: Demodeks brevis, seboreik dermatitlə əlaqələndirilir. Seboreik dermatit, dəridə qızarıqlıq, yağlanma və qabıqlanma ilə xarakterizə olunan bir dəri xəstəliyidir. Bu xəstəlik adətən saç dərisində, üz, qulaq və bədən dərisində meydana gəlir. Demodeksin diaqnozu Demodeks parazitlərini müəyyən etmək üçün bir neçə diaqnostik üsul istifadə edilir. Dermatoloqlar adətən mikroskopik müayinə, dəri biopsiyası və ya qidalanma izləri analizləri vasitəsilə Demodeksin varlığını təsdiqləyirlər. Demodekslə mübarizə üsulları 1. Antiparazitik kremlər və məhlullar: Metronidazol və ivermectin kimi maddələrdən ibarət kremlər və məhlullar, Demodeksin sayını azaltmağa kömək edir. Bu məhsullar adətən dəridəki parazitləri məhv etmək üçün birbaşa tətbiq edilir. 2. Çay ağacı yağı: Təbii bir antiparazitik vasitə olaraq Demodeksin sayını azaltmağa kömək edir. Xüsusilə blefarit müalicəsində effektivdir. Çay ağacı yağı, göz qapaqlarına və kipriklərə tətbiq edilərək parazitləri məhv edir. 3. Yaxşı dəri qulluğu: Dərini təmiz saxlamaq, yağlı maddələrdən qaçmaq və gigiyenik qaydalara riayət etmək, Demodeksin sayını nəzarət altında saxlamağa kömək edir. Mütəmadi olaraq üz və saçların təmizlənməsi, dəri problemlərinin qarşısını almaq üçün əhəmiyyətlidir. Profilaktik tədbirlər 1. Şəxsi gigiyenaya diqqət: Mütəmadi olaraq üz və saçların yuyulması, parazitlərin yayılmasının qarşısını almağa kömək edir. 2. Şəxsi əşyaların paylaşılmaması: Məsələn, dəsmal, yastıq üzləri və saç fırçaları kimi şəxsi əşyaların başqaları ilə paylaşılmaması. 3. Sağlam həyat tərzi: Stressin azaldılması, balanslı qidalanma və kifayət qədər yuxu, immun sistemini gücləndirərək parazitlərin çoxalmasının qarşısını ala bilər.
https://www.ekremcivas.com/demodeks-nedir-demodeks-tedavisi/
https://www.theapharma.com.tr/demodeks-nedir
https://my.clevelandclinic.org/health/diseases/22775-demodex-face-mites
https://www.healthline.com/health/demodex-folliculorum
Tarix : 30 noyabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.