- Wikisun
Məlumat analizi üçün ifadələr (Data Analysis Expressions (DAX)) - Əsasən "Power BI", "SQL Server Analysis Services" (SSAS) və "Excell"in Power Pivot funksiyaları ilə işləyən istifadəçilər üçün inkişaf etdirilmiş formullarla işləmə dili. Mahiyyəti DAX strukturlaşdırılmış məlumatların analizi və hesabatlar hazırlanması üçün müxtəlif funksiyaları və operatorları təklif edir. Bu dil məlumat modellərində kompleks hesablamalar və metrikalar yaratmaq üçün güclü vasitədir. DAX, əsasən sütunlar və cədvəllər üzərində işləyir, filtr kontekstlərini idarə edə bilir və təkrarlanan məlumatları optimallaşdıraraq məlumatların daha dərin təhlilinə imkan yaradır. DAX ilk dəfə 2010-cu ildə Microsoft tərəfindən təqdim edilmişdir. Bu dil Power Pivot və Excell 2010-da istifadə edilən məlumat modellərinin hesablama potensialını genişləndirmək üçün yaradılmışdır. Daha sonra Power BI-nin inkişafı ilə DAX daha da genişləndirildi və daha mürəkkəb hesablama imkanlarına sahib oldu. DAX funksiyalarının əsas növləri 1. Riyazi və statistik funksiyalar: Məlumatlar üzərində əsas hesablamaları və statistik analizləri həyata keçirmək üçün istifadə olunur. Məsələn. SUM, AVERAGE, MIN, MAX, STDEV, COUNT. 2. Məntiqi funksiyalar: Şərtli ifadələr və qərar mexanizmləri yaratmaq üçün nəzərdə tutulur. Məsələn: IF, AND, OR, SWITCH, NOT. 3. Mətn funksiyaları: Mətn məlumatları ilə işləmək üçün istifadə edilir. Mətnin manipulyasiyası və formatlaşdırılması üçün müxtəlif alətlər təqdim edir. Məsələn: CONCATENATE, LEFT, RIGHT, SEARCH, UPPER, LOWER. 4. Tarix və zaman funksiyaları: Tarix və vaxt dəyərlərini təhlil etmək və vaxt aralıqlarını hesablamaq üçün istifadə olunur. Məsələn: DATE, TODAY, YEAR, MONTH, DAY, DATEDIFF. 5. Filtrləmə funksiyaları: Məlumat modellərində xüsusi məlumat alt dəstlərini seçmək və ya konteksti dəyişmək üçün nəzərdə tutulmuşdur. Məsələn: FILTER, ALL, CALCULATE, RELATED. 6. Cədvəl funksiyaları: Yeni cədvəllər yaratmaq, mövcud cədvəlləri manipulyasiya etmək və məlumatların birləşdirilməsi üçün istifadə olunur. Məsələn: ADDCOLUMNS, SUMMARIZE, UNION, CROSSJOIN. 7. İnformasiyalı funksiyalar: Məlumatın növünü və ya mövcudluğunu yoxlamaq üçün istifadə edilir. Məsələn: ISBLANK, ISNUMBER, ISTEXT, ISERROR. DAX müasir məlumat modelləşdirmə və analitika alətlərində dərin təhlil və kompleks hesablama imkanları təqdim edən güclü bir dildir. DAX-ın əsas üstünlüyü onun kontekstə əsaslanan yanaşma, geniş funksional spektr və məlumat modellərinin daha çevik və funksional olmasına şərait yaratmasıdır. Bu dilin istifadəsi, məlumat əsaslı qərarların qəbul edilməsini asanlaşdırır, məlumatların daha dəqiq və mənalı analizini təmin edir.
https://learn.microsoft.com/en-us/dax/dax-function-reference
https://dax.guide/
https://handex.az/bloq/Power-bi-calculate-filter-funksiyalari
https://learn.microsoft.com/en-us/power-bi/transform-model/desktop-quickstart-learn-dax-basics
https://www.tutorialspoint.com/dax_functions/dax_functions_quick_guide.htm
https://medium.com/microsoft-power-bi/dax-mastery-types-of-functions-day-3-cd48570324ce
Tarix : 10 yanvar 2025
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.