- Wikisun
"Alfa-gal" sindromu (AGS) - Həmçinin "Alfa-Gal" allergiyası və ya "məməli əti" allergiyası kimi tanınan, nadir və son dövrlərdə təkamül etmiş bir allergiya növü. Bu allergiya məməli heyvan əti (mal, donuz, qoyun və s.) yeyildikdən 3-8 saat sonra özünü göstərməyə başlayır. "Alfa-Gal" sindromu, müxtəlif gənə növlərinin dişləməsi nəticəsində yaranır və ilk dəfə 2002-ci ildə müşahidə edilmişdir. Əlamətlər və simptomlar "Alfa-Gal" sindromunun əlamətləri fərqli insanlarda müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlar arasında dəri səpməsi, qaşınma, qızartı, mədə problemləri, halsızlıq, nəfəs almaqda çətinlik, baş ağrısı, qan təzyiqinin düşməsi, qarın ağrısı, hətta anafilaksiya (həyat üçün təhlükəli allergik reaksiya) yer alır. "Alfa-Gal" sindromu, ən çox gastrointestinal problemlərə (mədə-bağırsaq) səbəb olur və təsirə məruz qalan insanların təxminən 60%-də anafilaktik reaksiya baş verir. Səbəbləri "Alfa-Gal" allergiyası "galaktoza-alfa-1,3-galaktoza (alfa-qal)" adlı şəkərin bədəndə İgE antikorlarını artırması nəticəsində yaranan reaksiyadır. Bu şəkər yalnız məməlli heyvanlarda mövcuddur, insanlar və bəzi digər primatlar buna qarşı immunitetə malikdir. Sözügedən şəkər, gənə dişləməsi ilə bədənə daxil olur və bədənin immun sistemi onu yad bir maddə olaraq tanıyıb qarşılıq verir. Gənə dişləməsi ilə bir dəfə insan bədəninə daxil olan "Alfa-Gal" artıq özünə yer edir. Bundan sonra gənə dişləməsə belə, məməli heyvan əti yeyərkən yenidən ciddi allergik reaksiyalar baş verə bilər. Gənə dişləməmiş insanda sadəcə ət yediyi üçün bu sindromun baş verməsi mümkün deyil. Son aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, məməli heyvanların südünü içdikdən sonra da allergiyanın baş verməsi mümkündür. Gənə növləri "Alfa-Gal" sindromunun yaranmasına səbəb olan ən əsas iki gənə növü "Lone Star" (Amblyomma americanum) və "Paraliz" gənəsidir (Ixodes holocyclus). Bu gənələr, "Alfa-Gal" maddəsini bədənə ötürərək allergik reaksiyaların yaranmasına səbəb olurlar. Diaqnoz və testlər "Alfa-Gal" sindromunun diaqnozu, simptomların ətraflı araşdırılması ilə qoyulur. Ən çox istifadə olunan üsullardan biri İgE antikorlarının qandakı miqdarını müəyyən etməkdir. Lakin bəzi hallarda allergik testlər düzgün nəticə verməyə bilər, çünki "Alfa-Gal" allergiyası bəzən sadəcə mədə-bağırsaq problemləri ilə müşayiət olunur. Bu da problemin əsas qaynağını tapmaqda çətinliklər yaradır. Müalicə və idarəetmə "Alfa-Gal" sindromunun müalicəsi əsasən məməli heyvanların ətindən və südündən uzaq durmaqdan ibarətdir. Allergik reaksiya baş verərsə, antihistaminlər və epinefrin kimi dərmanlarla müalicə aparılır. Anafilaksiya halında, dərhal müdaxilə edilməlidir. Müalicə, allergiyanın şiddətinə görə dəyişə bilər, lakin əsas məqsəd reaksiya baş verdikdə simptomları nəzarət altına almaqdır. Çünki anafilaksiya, hətta xəstənin ölümünə də səbəb ola bilir. Qorunma "Alfa-Gal" sindromundan qorunmanın ən yaxşı yolu gənə dişləmələrindən qorunmaqdır. Bunun üçün gənə ehtimalı olan ərazilərdə vaxt keçirmək lazım olanda, istehsalı zamanı permetrin maddəsindən istifadə edilmiş geyimlərdən istifadə etmək, gənə dişləmələrinin olub-olmamasını yoxlamaq, əgər dişləyibsə dərhal gənəni çıxarmaq lazımdır. Gənəni vaxtında və düzgün şəkildə çıxarmaq, allergik reaksiyaların qarşısını almağa kömək edir. Tədqiqatlar və təsirlər "Alfa-Gal" sindromu dünyada 17 ölkədə müşahidə olunmuşdur. ABŞ və Avstraliya bu allergiyanın daha çox yayıldığı bölgələrdir. ABŞ cənubu gənələrdən çox təsirlənən yer olduğu üçün allergiyanın ən çox yayıldığı yer buradır. Yeni araşdırmalar göstərir ki, bəzi dərmanlar və tibbi materiallarda da, "Alfa-Gal" tərkibi ola bilər, bu isə allergik reaksiyaların yaranmasına səbəb olur. Ona görə gənə dişləmiş insanlar dərman alarkən, mütləq tərkibinə diqqət etməlidir.
https://en.wikipedia.org/wiki/Alpha-gal_syndrome
https://www.cdc.gov/alpha-gal-syndrome/about/index.html
https://alphagalinformation.org/
https://www.thermofisher.com/allergy/wo/en/living-with-allergies/food-allergies/10-new-and-surprising-facts-about-alpha-gal-syndrome.html
https://evrimagaci.org/alfagal-sendromu-nedir-bir-kene-nasil-olur-da-insanlarda-kirmizi-et-alerjisine-neden-olur-11165?srsltid=AfmBOoo1ZzMMASOIzhrq6xDU2Gq-8sxuBTMfJP8VafzuMQDkaFKkpY48
https://turkiyeparazitolderg.org/tr/makaleler/kene-isirmasinin-neden-oldugu-gizemli-alerji-alpha-gal-sendromu/doi/tpd.galenos.2024.97720
https://www.astho.org/communications/blog/what-health-officials-should-know-about-alpha-gal-syndrome/
Tarix : 18 dekabr 2024
Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA 4.0 çərçivəsində yayımlanır.